Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Neft və Kimya institutunu (indiki Azərbaycan Neft Akademiyası) bitirmiş və Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
N.Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. Hazırda Elm və texnika şöbəsinin rəisi və ARDNŞ idarəetmə aparatı həmkarlar ittifaqı komitəsinin sədridir.
Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə beynəlxalq sertifikatlara malikdir.
O, 80 elmi işin, o cümlədən dərc edilmiş 50-dən çox elmi məqalə və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, diplomlara, keçmiş SSRİ Neft Nazirliyinin və ARDNŞ-in fəxri fərmanlarına layiq görülmüşdür.
Dünya Neft Şurası və Azərbaycan Milli Neft Komitəsi idarə heyətinin, Avropa Enerji Xartiyası Sənaye Məsləhət Şurasının, Azərbaycanın Avropa Enerji Xartiyası üzrə Ekspert Komissiyasının, Yataqların Ehtiyatlarının Hesablanması üzrə Mərkəzi Komissiyanın, Yataqların İşlənməsi üzrə Ekspert Komissiyasının üzvü, ARDNŞ-in Elmi-Texniki Şurasının sədr müavini, Neft–Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Məclisinin üzvüdür.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Fərqlənmə Diplomu ilə bitirmişdir. İngilis və rus dillərini bilir.
N.Vəliyev poeziyaya hələ orta məktəbdə oxuyarkən maraq göstərmişdir. “Neftçi”ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində müntəzəm dərc olunur. 2000-ci ildə onun “Sənsiz yaşamağa dəyməz” şeirlər kitabı nəşr edilmişdir. «Qızıl qələm» mükafatı laureatıdır.
Bir oğlu, bir qızı var.
Tel: (050) 206-46-87
[ [ [
SALDI
Tale yaman çəkdi məni sınağa
Çəndən çəkinirdim dumana saldı.
Bir damcı kədərim coşdu, qaynadı
Məni qəm mayalı ümmana saldı.
Arzum heçə çıxdı, ümid puç oldu
Şirin xəyallarım saraldı, soldu
Kədərin şaxtası saçıma doldu
Alnıma qırışdan nişana saldı.
Günahım nə imiş görən dünyada
Məni saldı belə aha, fəryada?
Qurtuluş axtardım, amma, nə fayda
Yönümü qaranlıq gümana saldı.
Dərdimi deməyə varmadı dilim
Köksümə çəkildi dağ dilim-dilim
Yaman ağır gəldi bu bahar ilim
Ömrün gənc çağında xəzana saldı.
Yandım için-için çıxmadı tüstüm
Oldu çilik-çilik sanki bəxt güzgüm
Vəfasız dünyadan, həyatdan küsdüm
Bəxtimi ömürlük zindana saldı.
Çəkildi göylərə ömür sarvanım
Yarı yolda qaldı həyat karvanım
Pozuldu dincliyim, nizam- rəvanım
Gecələr yuxusuz fəqana saldı.
Allah, bu cəzamı, sınaqmı, nəmi?
Bəsdir, yetər eylə çəkdiyim qəmi!
Rəhmin əsirgəmə, hifz et ailəmi
Desinlər rəbb özü sahmana saldı.
Bakı, 2006-ci il
[ [ [
EY NEFTÇİ!
Şanlı neftçilərə həsr edirəm.
Ey neftçi, gəl artır şan-şöhrətini,
Ağır zəhmət səni ruhdan salmasın.
Göstər hünərini, məharətini,
Bu günün dünəndən geri qalmasın.
Nəqərat
Müstəqil ölkəmin şanlı neftçisi,
İşində nümunə olmağın gərək.
Əmək cəbhəsinin öndər elçisi,
Çalış ki, xalqına olasan kömək!
İşlə gecə-gündüz, işdən usanma,
Artır hasilatı, qoyma azalsın.
Buruqda, mədəndə sən boş dayanma,
Qoy neftçi şöhrətin göyə ucalsın.
Nəqərat
Keçmişə nəzər sal iftixarla sən,
Şanlı neftçiləri xatırla bir-bir.
Dərindən düşünsən onda görərsən,
Sənin neft şöhrətin keçmişdən gəlir.
Nəqərat
Texniki üsulla ilk dərin quyu,
Yüz altmış il öncə bizdə qazılmış.
Hələ mən demirəm əsrlər boyu,
Bakı öz neftiylə şöhrət qazanmış.
Nəqərat
Neftlə bağlı bir çox ixtira, tətbiq,
Bakıda yaranmış, tapmış təşəkkül.
Sən də öz işinlə et bunu təsdiq,
Xalqım qoy sənə də etsin təşəkkür.
Nəqərat
Ey neftçi geoloq, ey neftçi alim,
Kəşf et yeni-yeni neft-qaz yatağı.
Sevinsin millətim, sevinsin elim,
Yayılsın dünyaya adın, sorağın.
Bakı, 1998-ci il.
[ [ [
GÖRƏDİR.
Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!
İnsanın kökündən gəlir ləyaqət,
Genindən, qanından boy atır qeyrət,
Saflıq, mənəviyyat, dəyanət, ismət,
Abıra, həyaya, ara görədir!
Oxumaq, öyrənmək sevir zəhməti,
Əməllə qazanar insan şöhrəti,
Aqil müdrikliyi, alim qüdrəti,
Çıxardığı düz qərara görədir!
Olsa da bir kəsin çox var- dövləti,
Ola bilsin yoxdur heç ləyaqəti,
İnsanın şərəfli halal sərvəti,
Zəhmətdən boy tutan vara görədir!
Nazim, gəl qoru sən dost tək neməti,
Odur həyatında qazancın qəti,
Dostun dosta olan inam, rəğbəti,
Qazandığı etibara görədir
Bakı, 14.12.2000-ci il.
[ [ [
MƏNIMTƏK DÖN.
Səni sevir ikən mənim
Ürəyimin sevgi səsi,
sevincimin zümzüməsi,
kədərimin ah-naləsi sənin idi.
Xəyalımda həmişəlik sakin idin
Varlığıma, düşüncəmə hakim idin
Damarımda dağ çayıtək çalxalanıb
axar idin....
Gözlərimdə göy üzünün ən atəşli şimşəyitək
çaxar idin...
Nə oldu bəs?
Bu axarlıq daş-qayaya çaxdı məni-
Xırdalanıb, torpaqlaşıb lilə döndüm,
Bu çaxarlıq atəşlərə yaxdı məni-
Kösövləşib, kömürləşib külə döndüm.
Heç bilmirəm necə söndüm, necə söndüm?
Bir yanda lil, bir yanda kül,
Doğrudanmı puça döndüm, heçə döndüm?
Yox, yox, əsla!
Döyünəcəm, gəriləcəm,
Mən dönəcəm, diriləcəm.
Mən atəşdən, mən torpaqdan doğulacam,
Adəm kimi bu torpaqdan yoğrulacam,
Od simvolu Prometey timsalında
zühr olacam.
Ya bəlkə də , münbit torpaq timsalında
bir çiçəyə, bir ağaca rişə verib ,
can verəcəm?
Bu çiçəyi qoxlayarkən, bu ağacın meyvəsini
sən dadarkən,
Vücuduna, varlığına sovrularaq,
kirpiyində qovrularaq
gözlərinə eşq atəşi,
damarına sevgi dolu qan verəcəm.
Bəli, gözəl, mənləşəcəm mən bu sayaq,
Dirilərək, sənləşəcəm mən bu sayaq!
Ürəyinin sevgi səsi,
sevincinin zümzüməsi,
kədərinin ah-naləsi olacağam.
Varlığına, düşüncənə hakim olan,
Xəyalında həmişəlik sakin olan,
Damarında axan qanda axan olan,
Gözlərində şimşək kimi çaxan olan
Mən olacam, mən olacam!
Bu axarlıq, bu çaxarlıq
səni mənə döndərəcək,
Göndərəcək, gülüm, səni,
mən keçdiyim o yollara göndərəcək.
Sən də mən tək görəcəksən,
duyacaqsan sevgi adlı bu aləmi.
Sən də mən tək güləcəksən,
göz yaşınla yuyacaqsan sevinc-qəmi.
Amma, sənə bir arzum var-
Qoy qıymasın sənə tale,
Xırdalanıb, çınqıllaşıb lilə dönmə,
Yanıb-yanıb, kösövləşib külə dönmə,
sönmə, gülüm, heç vaxt sönmə…
heç vaxt sönmə…!
...Əgər birdən sönər olsan,
sən də geri dönər olsan,
Mənimtək dön,
mənimtək dön.
mənimtək dön!
Mart, 2001-ci il, Bakı
[ [ [
AĞRIN ALEM HƏNCƏRISƏN, HƏNCƏRI?
Neftçi-həmkarım, şair- dostum
Zaməddin Zityadoğlunun ad gününə
"Ozan yurdum, şair yurdum, nur yurdum,
Ocaq yurdum, müqəddəsim, pir yurdum,
Azərbaycan şimal, cənub bir yurdum,
Zaməddinəm şairlərin cəncəli,
Ağrın alem, həncərisən, həncəri?"
Zaməddin Ziyadoğlu
Dostlarının ürəyində min dilək,
Ad gününə deyirlər - çox mübarək!
Bunların öz yeri, söylə bir görək,
Ziyadoğlu, ay şairlər "cəncəli",
Ağrın alem, həncərisən, həncəri?
Şairlərin cəncəli yox, gözü-sən!
Nəzmə çəkib, incə düzən sözü-sən!
Qoruyansan haqq- ədalət, düzü sən!
Haqsızlarçün sən Domokl xəncəri,
Ağrın alem, həncərisən, həncəri
Üz-gözündə bir peyğəmbər nuru var,
Saymayırsan sən dövləti, pulu – var*,
Dostlar-dövlət, balaların ulu bar,
Zər qədrini bilər onun zərgəri,
Ağrın alem, həncərisən, həncəri?
Sən "50"-dən xırdaladın bir il də,
Qocalmadın, ucaldın sən bir ildə,
Ruhun cavan, eşqini kim dirildə?
Eyham vurdum, anlayasan incəli,
Ağrın alem, həncərisən, həncəri?
Ad gününü qeyd edirik "Vətən"də
Bir Apreldir, yaz sevinci bədəndə,
Sevinirik, qoy sevinsin Vətən də,
Həm bakılı, həm qazaxlı-gəncəli.
Ağrın alem, həncərisən, həncəri?
Nazim Aslan sənə sağlıq diləyir,
Sözlərini gah açıb, gah bələyir,
"Həncərisən" rədifini ələyir,
Hədiyyə tək vəsf etdim bu bənzəri,
Ağrın alem, həncərisən, həncəri?
*) var-dövlət
1 aprel 2001-ci il, "Vətən"restoranı, Bakı.
[ [ [
OCAĞIMDA KÖZ QALACAQ!
Göz yaşlarım ümman, dəniz,
Güman yox ki, azalacaq.
Təşnələnib içər olsam,
Dodağımda duz qalacaq.
Göz yaşlarım dərdli kəhriz,
Damla-damla axır sənsiz,
Ha axsa da gizli-səssiz,
Yanağımda iz salacaq.
Göz yaşlarım çağlayan çay,
Həsrətindən mənə bir pay,
Sənsizlikdən çəkib haray,
Nakam eşqdən söz salacaq.
Göz yaşlarım gilə-gilə,
Cığır açır dərd-nisgilə,
Hicran dönsə aya, ilə,
Vüsalına buz salacaq.
Göz yaşlarım desə “bəsdi”
Sanma eşqin odu kəsdi,
Kəsilsə də alov, tüstü,
Ocağımda köz qalacaq,
Ocağımda köz qalacaq!
07.09.2001-ci il, Bakı.
[ [ [
QISMƏTDƏ NƏ VARSA, O DA OLACAQ!
Hər kəs fikir çəkir, dərd çəkir, qardaş,
Fikirdən, qayğıdan uzaq adam yox.
Adam var üzündə iztirab, təlaş,
Gözündən oxunur, dərdi, qəmi çox.
Adam var millətin dərdini çəkir,
Öz şəxsi işləri arxa planda.
Adam var heç nəyə verməyir fikir,
Özünü düşünür hər hansı anda.
Adam var bir parça çörək möhtacı,
Onu tapar olsa, kimnənsə bölər.
Adam var başında lap şahlıq tacı,
Bir az xərcə düşsə, inan ki, ölər.
Adam var fikrində vətən həsrəti,
Nə rahat yaşayar, nə rahat yatar.
Adam var itirmiş vüqar, qeyrəti,
Rahat həyat üçün vətəni “satar”.
Fikirlər, qayğılar, dərdlər cürbəcür,
Biri övlad istər, biri şan istər.
Birinin gözünə bunlar görünmür,
Bu fani dünyadan sağlam can istər.
Nə qədər var isə dünyada insan.
Bəli, o qədər də istək, arzu var.
Kimisə, nədəsə qınama, inan,
Bizi tənzimləyən ulu yazı var!
Bu alın yazısı-yazmış yaradan,
Yazılmış bir kərə, daim qalacaq!
Arzu çox olsa da-qismət”ora”dan,
Qismətdə nə varsa, o da olacaq!
Bakı, 16.09.2001-ci il.
[ [ [
MƏNİM OLA, OLMAYA....
Bir sevdanın həsrət yükü belimdə,
Ayrılığın şikayəti dilimdə,
Tutammadım səadəti əlimdə,
İndən sonra mənim ola, olmaya...
Sevən könül yaman qübar bağlayır,
Bu ayrılıq ürəyimi dağlayır,
Həsrət gözlər dolub, dolub ağlayır,
İndən sonra bir də dola, dolmaya...
Yaş dəyişir, ömür bağlı zamana,
Bu sevdanın yolu düşmüş dumana,
Vüsal itkin, vüsal qalmış gümana,
Qovuşmağa ümid qala, qalmaya...
Bu bəlkə bir haqq yazısı, qaçılmaz,
Qismət yoxsa bu eşqə nur saçılmaz,
Bəxtim düyün, açıla ya, açılmaz.
Bir də məni eşqə sala, salmaya...
Bakı, Oktyabr 2001-ci il.
[ [ [
YAŞAYIRSAN HƏLƏ DƏ!
İnsanlara kömək edib, sevirsənsə elini,
Pisliyin yox, yaxşılığın, bilirsənsə dilini,
Bir yazığın, kimsəsizin tutmusansa əlini,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bir baxışın alovundan isinirsə ürəyin,
Biganəlik qrovundan üşüyürsə kürəyin,
Bir sevdadan boy tutursa neçə arzu, diləyin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Ya sevincdən, ya kədərdən ağlayırsa gözlərin,
Ya qiymətdən, ya kəsərdən düşməyibsə sözlərin,
Lap ölsən də, bu dünyada qalacaqsa izlərin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bakı, 14 noyabr 2001-ci il.
[ [ [
QOCALIRIQ, QOCALIR.
Orta nəsil gəl özünü aldatma,
Gah qaşından, gah bığından ağ dartma,
Hər mətləbi açıqlayb, ağartma,
Keçiddəyik, gənclik bizdən bac alır,
Zaman-zaman qocalırıq, qocalır!
Sən gəncliyi uzatmağa ha çalış,
Ha cəhd eylə, ha tüstülən, ha alış,
İlk gəncliyin yerişiylə ha yarış,
Bu yerişi yerimək çox güc alır,
Zaman-zaman qocalırıq, qocalır!
Hər ömürün «yaz, yay, payız, qışı» var,
Uşaqlıq-«yaz», gənclik «yay»la tuş olar,
«Payız» səpir narın-narın başa qar,
İnsan «qış»da müdrikləşir, ucalır,
Zaman-zaman qocalırıq, qocalır!
Bu dünyanın çox sirri var açılmaz,
Hökm yoxsa Günəşdən nur saçılmaz,
Hər yaşın da öz biçmi var – qaçılmaz,
Gənc uşaqdan, qoca gəncdən «borc» alır,
Zaman-zaman qocalırıq, qocalır!
Nazim Aslan, çox da yaşdan salma söz,
Yaşasa da hər kəs yüz yaş – doymaz göz,
Kaş ki, qəlbdə sönməz olsun alov, köz,
Həyat eşqi sönən gənc də qocalır,
Vaxtlı-vaxtsız qocalırıq, qocalır!
Zaman-zaman qocalırıq, qocalır!
Bakı, 22 fevral, 2002-ci il.
[ [ [
Həyat bədbin, həyat küskün deyildir,
Dünya yorğun, dünya üzgün deyildir,
Hər yaşanan ömür düzgün deyildir.
Qalan ömrü barı, düzgün vur başa,
Məna dolu zəngin ömür gəl yaşa!
Paxıllıqdan, pisliklərdən uzaq dur,
Yaxşılıqdan ürəklərdə məbəd qur,
Mənən saf ol, əməlindən duy qürur,
Kömək eylə dosta, qonşu, qardaşa,
Məna dolu zəngin ömür gəl yaşa!
Ürəyinə hakim olsun mərhəmət,
El-obaya, vətəninə sədaqət,
Qoy meyarın olsun düzlük, həqiqət,
Etibarın artsın dosta, sirdaşa,
Məna dolu zəngin ömür gəl yaşa!
Təmizlənsin varsa qəlbdə küdurət,
Qoy damarda axsın sevgi, məhəbbət.
Sevgi nədir? – incə duyğu, səadət,
Sədaqətlə, məhəbbətlə baş -başa,
Məna dolu zəngin ömür gəl yaşa!
Bakı, Sentyabr, 2002-ci il.
[ [ [
İZIN QALACAQ
Həyat gəlib belə, gedəcək belə,
Günlər dönəcəkdir fəsilə, ilə,
Var-dövlət fanidir, dönəcək felə,
«Atlasın» gedəcək, «bezin» qalacaq.
Hər nə cür olsa da insanda ovqat,
Şirindən şirindir bu sirli həyat,
Həyat - ilahidən əvəzsiz sovqat,
Hər zaman dalınca gözün qalacaq.
Hörmətə layiqdir şərəfli zəhmət,
Zəhmət qazandırar insana hörmət,
Bir gün qəbrin üstə oxunsa rəhmət,
Bil ki, bu dünyada izin qalacaq.
Hər şeydən ucadır sevgi-məhəbbət,
Sevgi- sirlə dolu müqəddəs məbəd,
Səni sevər olsa kim isə, əlbət,
Onun ürəyində közün qalacaq.
Ey Nazim, «həyat»dan deyilib çox söz,
Onun şirininə, acısına döz,
Dünyanın gərdişin misralara düz,
Şair tək kəlamın, sözün qalacaq!
Bakı, 2002-ci il
[ [ [
QAYTAR
Daha ovundurmur xəyalın məni,
Mən daha tapmıram təsəlli səndə.
Daha yuxuma da qoymuram səni,
Nə yaman olurmuş ürək küsəndə?
Ürək necə axı küsməsin səndən?
Vəfasız çıxaraq ona dağ çəkdin.
Eşqi əyləncəyə çevirib nədən
Qəlbimdə barışmaz bir nifrət əkdin!?
Müqəddəs hissləri eyləyib qurban,
Zəngin, dəbdəbəli həyata uydun.
Sevgini dövlətə dəyişən nadan,
Mənəvi dünyadan sən nə tez doydun?
Göydən «ulduz dərib» sənə verəndə,
Daş-qaş bilirmişsən demə, sən onu.
Qaytar ulduzları, qalmasın səndə,
Bitsin bu uğursuz sevgi oyunu!
Qaytar gəzdiyimiz çölü-çəməni,
Sən layiq deyilsən bunlara daha.
Qaytar, geri qaytar özümə məni,
Saf eşqi, sevgini salma günaha!
Qaytar mənə aid hər xatirəni,
Qaytar elə bu gün, elə bu saat.
İcazə vermirəm anasan məni,
Məni ürəyindən həmişəlik at!
Bakı, 30.10.2002-ci il.
[ [ [
Yaman məyus etdi sevdamız bizi
Borandan, şaxtadan çıxa bilmədi.
Gəl biz qınamayaq bir-birimizi,
Yəqin taleyimiz üzə gülmədi…
Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
Sən məndə, mən səndə arayıb qüsur,
Qoyduq təməlini acı həsrətin.
Bu bir adi sınaq, ondan keçmədik,
Demək ötəriymiş bu hisslər bizdə.
Sevgini həvəsdən düzgün seçmədik,
Yamanca yanıldıq hisslərimizdə.
Güzəştə getməyə qadir olmayan,
-Bu sevgi ürəkdən deyilmiş yəqin.
Hicrandan, həsrətdən, gözü dolmayan,
-Məhəbbət boy atıb yaşasın çətin.
Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
İndi qarşımızda bircə yol durur,
Çəkək acısını bu həqiqətin.
Bakı, 6. 11. 2002-ci il.
[ [ [
O ALOVLU BAXIŞLAR
Məhəbbətin közümü
Alışdırır gözümü
Eşqin ürək sözümü
O alovlu baxışlar?
Nəqərat
O alovlu baxışlar
Mənə sevgi bağışlar
Eşqdən dəli olsam da
Ürək bunu alqışlar
Saçlarının düzümü
Salxım söyüd çözümü,
Qəlbdə eşqin izimi
O alovlu baxışlar?
Nəqərat
Saxlasam da özümü
Əldən alıb dözümü
Qatlayıbdır dizimi
O alovlu baxışlar!
Nəqərat
Sənə tutub üzümü
Deyim sözün düzünü:
-Eşqə salıb Nazimi
O alovlu baxışlar!
Bakı , Yanvar 2000-ci il
[ [ [
İÇIN- IÇIN YANDIM...
Gözə baxdım, göz dərin,
Gözlərində köz dərin,
Gözlərdəki közlərin
Atəşində yandım, ah!...
Gözə baxdım, göz dərin,
Gözəl, süzgün gözlərin,
Gözü közlü gözəlin ,
Sevdasını andım , ah!...
Gözə baxdım, göz dərin,
Gözlərində gözlərim,
Gözlərində gözlədim,
Gözün gözüm sandım, ah!...
Gözə baxdım, göz dərin,
"Gözə gələr" gözlərin,
Gözün gərək gizlədim,
Bu istəyi dandım, ah!...
Gözə baxdım, göz dərin,
Gözlərində köz "sərin"
Gözlərdəki "sözlərin"
"Yaş fərqini" qandım, ah!...
İçin-için yandım, ah!...
İçin-için yandım, ah!...
Bakı, 05.05.2000-ci il.
[ [ [
EY DOĞMA MƏKTƏBIM!
Bozalqanlı kənd orta məktəbini
80 illik yubileyinə
Yığışıb hər yerdən sənin başına,
Yubiley tədbirinə qatıldıq bu gün.
Təbriklər deyildi 80 yaşına,
Quruldu şəninə toy-düyün bu gün.
Ey doğma məktəbim, sənin adınla,
Bağıdır bizlərin hər bir uğuru.
Sənin işığınla , sənin odunla,
Daim nurlu olmuş həyat cığırı.
Bu o cığırdır ki, ilk ləpirləri,
Səndən baş götürür, sonu naməlum.
Həyat bir əsərdir, ilk sətirləri,
Müəllimlə yazılıb, qayəsi məlum!
Varlığın boyunca gör neçə nəsil,
Səndən bilik alıb, tərbiyə alıb.
Zarafat deyildir heç də 80 il,
O vaxt uşaq olan indi qocalıb.
Səndən təhsil alan keçmiş məzunlar,
İndi nəvələrlə dönürlər kəndə.
Keçmiş şagirdlərin, bəli, məhz onlar,
Qayıdıb müəllim tək dərs deyir səndə.
Həyat inkişafda, yol gedir zaman,
Dəyişib sənin də siman, surətin.
Əkdiyim ağaclar böyüyüb yaman,
Dayanıb qarşında vüqarlı, mətin.
İyirmi beş ildir düşmüşəm ayrı,
Getmirəm səhərlər bu cığır-yolu.
Bu yubiley günündə qınama barı,
Gəlmişəm hüzrünə sinəsi dolu.
Bu şeiri eylədim sənə ərməğan,
Ey bilik beşiyi, təhsil məbədi.
Arzumdur şöhrətin artsın hər zaman,
Olsun uğurların daim, əbədi!
29.06. 2001-ci il. Tovuz
[ [ [
QOCALDIQMI?
Yaş üstünə bir yaş gəldi,
Ucaldıqmı bir il də biz?
Yaş da başa bir əngəldi,
Qocaldıqmı bir il də biz?
Uşaqlıqda yaşımızı,
Artırardıq hər kəs sorsa,
İndi ağsaç başımızı,
Qaraldarıq imkan olsa.
Cavan ikən yaşlılar tək,
Aparardıq özümüzü.
Əks olsa da indi istək,
Zaman bükür dizimizi.
Adam var ki, artdıqca yaş.
Üz-gözünün artır nuru.
Müdriklikdən ağarır baş,
Ağıl olur varı, pulu.
Adam da var ilbəildən,
Ağarsa da saç-saqqalı,
Əl çəkməyir pis əməldən.
Qurtarmayır qeylü-qalı.
Cavanlığa, yaşlılığa,
Yanaşmayaq qısqanc, küskün.
Yamanlığa, yaxşılığa,
Qiymət versin hər kəs düzgün.
İnsan oğlu, olma bədbin,
Öz ləzzəti var hər dövrün.
Həyata bax xürrəm, nikbin.
Olduğun tək çalış görün.
Qocaldıqca ucalaşsaq,
Qocalmağın qorxusu yox.
Ucalmaqda "qocalaşsaq",
"Ucalmağın" qorxusu çox!
Yaş üstünə bir yaş gəldi,
Ucaldıqmı bir il də biz?
Yaş da başa bir əngəldi,
Qocaldıqmı bir il də biz?
22.02.2001-ci il Bakı.
[ [ [
ALLAH!
Heç ata, heç ana bala dərdini,
Bala cəfasını çəkməsin, allah.
Kişinin mərdimi, ya namərdimi,
Çarəsiz göz yaşı tökməsin, allah!
Bala əziyyəti, bala naləsi,
Ata-ana qəlbin didib-parçalar.
Onlarda olarsa bala çarəsi,
Ömrünü balanın ömrünə calar.
Balanın bir ahı, bir fəqanına,
Onlar min ah çəkər, min fəqan eylər.
Balanın cəfalı hər bir anına,
Ayını, ilini bil, qurban eylər.
Hər ata, hər ana övladı üçün,
Hər cür əziyyətə qatlaşar vallah.
Ancaq anlamıram, axı nə üçün,
Bəzən saf körpəyə zülm edir allah?
Məndə sual doğur qeyri-ixtiyar,
Cəzaya layiqsə böyülər əgər,
Bunun körpələrə nə dəxli var?
Balamı günahkar bu işdə məgər?
Səndən bir ricam var , böyük yaradan,
İncitmə cünahsız körpə əzasın.
Bizləri sınama övlad sarıdan,
Hər kəsin özünə ver öz cəzasın!
25.08.2000, Hannover, Almaniya.
[ [ [
YAŞAMAĞIN NƏ MƏNASI?
Tonqal sitib kül olursa,
Qanqal bitib gül solursa,
İlqar itib göz dolursa,
Yaşamağın nə mənası?
“Mərd” namərdə baş əyirsə,
Namərd mərdə “yaş” deyirsə,
Mərdə dərddən daş dəyirsə,
Yaşamağın nə mənası?
Məhəbbətə hicran dolsa,
Sədaqətdə yalan bolsa,
Səadətdə güman olsa,
Yaşamağın nə mənası?
30.08. 2001-ci il, Bakı.
[ [ [
«Bu axşam bütün meyhaneleri dolaşdım İstanbulun
Seni aradım kadehlerdeki dudak izlerinde
Canım doya-doya sarhoş olmak istiyor
Seni aradım kadehlerdeki dudak izlerinde»
Türk şarqısı
Misralardan axıb gələn mənalardan «duruldum»,
Sanki ruhum təzələndi, mən yenidən «quruldum»,
Bu misranı dönə-dönə xəyalımda daradım,
«Dötakının izlərini kadahlarda aradım»
Bu «şərqi»nin qayəsində bir aşiqin naləsi,
Nə müddətdir tapa bilmir, itmiş onun laləsi,
Meylin salmış meyxanəyə, qalmamışdır çarəsi,
Taleyindən gileylənir, deyir yara varmadım,
«Dodakının izlərini kadahlarda aradım».
Bu şərqidə Leyli-Məcnun həsrətinin var ahı,
Dinləyəndə xatırlatdı mənə «Yetim Segahı»
Xəyalımda bağışlayıb öz-özümə günahı,
Sevgilimin busəsini dönə-dönə mən daddım
Dodakının izlərini dodakımda aradım.
*) mahnı
İstanbul, 24.11.2002-ci il.
[ [ [
Ağı deyir ana torpaq,
Ağım bağlı Qarabağla.
Ürəyimə çəkilib dağ,
Dağım bağlı Qarabağla,
İndi İsa bulağım yox,
Xarı bülbül oylağım yox,
Şuşam getmiş, Xan bağım yox,
Bağım bağlı Qarabağla.
Var dostlarım, var düşmənim,
Dosta-dostam, yada qənim,
Dostum, arxam türkdür mənim,
Yağım bağlı Qarabağla.
Azərbaycan, qurban olum,
Qoy açılsın əlin, qolun,
Araz olsun nicat yolun,
Sağım bağlı Qarabağla.
Yumruqları sıxacağıq!
Düşmənləri yıxacağıq!
Xoş günlərə çıxacağıq!
Çağım bağlı Qarabağla!
Çağım bağlı Qarabağla!
Bakı, 20.12.2002-ci il.
[ [ [
QURBAN OLDUĞUM
Ay kimi bərq vurur hüsn-camalı,
Hüsn-camalına qurban olduğum!
Siyah məxmər kimi göz vurur xalı,
Üzündə xalına qurban olduğum!
Yanaqlar təzə-tər qaymaqçiçəyi,
Dodaqlar çiçəyin həya ləçəyi,
Soraqlar hər aşiq bu şövq- göyçəyi,
Şövqi-cəlalına qurban olduğum!
Salxım söyüd zülfü siyah, sığallı,
Sivri kirpikləri oynayır «yallı»,
Qaməti biçimli, ağıl-kamallı,
Ağıl-kamalına qurban olduğum!
Bu bir gözəllik ki, ilahi yazı,
Bir baxan istəyər yüz baxa azı,
Şəkərmi, balmıdır qəmzeyi-nazı,
Şəkəri-balına qurban olduğum!
Elə ki, gözünü süzdürüb baxır,
Sanki eşq çələngin böynuma taxır,
Nazimi sevginin oduna yaxır,
Şirin vüsalına qurban olduğum!
Bakı, 30.01.2003-cü
[ [ [
İLHAMA GƏLİN!
Ey şair, yazıçı, ilhama gəlin,
İnamdan güc alın, İLHAMa gəlin,
Bu elin, obanın sabahı üçün
İLHAMa üz tutub salama gəlin,
İLHAMa güvənin, İLHAMa, gəlin!
Ey neftçi, dənizçi, müəllim, vəkil,
Ey cavan, ey yaşlı, ey orta nəsil,
Vətənin şöhrəti, şanı naminə
İLHAMın gücünə inamla gəlin,
İLHAMa güvənin, İLHAMa, gəlin!
Nəqarət
Tikmisiz çox zavod, məktəb, bağça, yol,
Artıb sərvətimiz, neftimiz də bol,
Çox işlər görmüsüz, İLHAM, çox sağ ol!
Xalqın sevir Sizi, sevəcək inan,
Sizə güvənirik, biz Sizə, İLHAM!
Ey alim, idmançı, əsgər, tələbə,
İstəsən çalasan zəfər-qələbə,
İLHAMla irəli, İLHAMla yalnız,
İnanın bu haqqa, kəlama, gəlin,
İLHAMa güvənin, İLHAMa, gəlin!
Sən ey Azərbaycan, düz seçim etdin,
ULU HEYDƏR açan yol ilə getdin,
O ÖLMƏZ ÖNDƏRİN çəkdiyi yolda
İLHAMın ardınca ilhamla gəlin,
İLHAMa güvənin, İLHAMa, gəlin!
Nəqarət
Tikmisiz çox zavod, məktəb, bağça, yol
Artıb sərvətimiz, neftimiz də bol,
Çox işlər görmüsüz, İLHAM, çox sağ ol!
Xalqın sevir Sizi, sevəcək inan,
Sizə güvənirik, biz Sizə, İLHAM!
15 dekabr 2007
[ [ [
KASIBLIQ
«Mərdi qova-qova namərd eyləyər»
Ömürü dərd-qəmə calar kasıblıq.
Şərəfi, qüruru taqətdən salıb
Ayaqlar altına salar kasıblıq.
Nə «var»a baxar o, nə «yox»u bilər,
Evdə hər nə varsa süpürüb silər,
Şkafa baş vurar, servanta girər,
Qənddanı, güldanı talar kasıblıq.
İnsafdan, mürvətdən onda yox əsər,
Sanki «qara yel» tək daimi əsər,
İşıq, qaz pulu tək qapını kəsər,
Cibdən son manatı çalar kasıblıq.
Məzlum görkəm verər qəddə, qamətə,
Dözdürər hər cürə təhqir, minnətə,
Salıb əziyyətə, min cür zillətə,
Canı erkən ikən alar kasıblıq.
Rahat ölümü də heç rəva bilməz,
Borclu ölən kəsin ruhu da gülməz,
Borcun nişanəsin zaman da silməz
Miskin başdaşı tək qalar kasblıq.
Bakı, 2004-cü il
[ [ [
SƏNI SEVDIYIMI DUYARSAN YƏQIN
Həsrətdən üzülən üzümə baxsan,
Yaşdan gilə tutan düzümə baxsan,
Yolunu gözləyən gözümə baxsan,
Səni sevdiyimi duyarsan yəqin!
Yuxusuz gecədən soraq eyləsən,
Könül kitabımı varaq eyləsən,
Etibar, vəfada sınaq eyləsən,
Səni sevdiyimi duyarsan yəqin!
Sən də fikir çəkib, xəyala dalsan,
Mənim tək hicranın əlində qalsan,
Aydan, ulduzlardan bir xəbər alsan,
Səni sevdiyimi duyarsan yəqin!
Gözlərin önünə gətirsən məni,
Sezsən üz-gözümdə dumanı, çəni,
Alnımda qırışı, saçımda dəni,
Səni sevdiyimi duyarsan yəqin!
Bakı, 02.03.2005.
[ [ [
SEVİLƏNDƏ, SEVƏNDƏ
Dəyişər sanki həyat
Seviləndə, sevəndə.
Könül istər toy, büsat
Seviləndə, sevəndə!
Quşlar ötər daha şən
Günəş doğar lap erkən
Yoxa çıxar duman, çən
Seviləndə, sevəndə!
Bağça-bağlar gül açar
Güllər əldə dil açar
Dillər sirri bil, açar
Seviləndə, sevəndə!
İnsanın üzü gülər
Baxışı, gözü gülər
Söhbəti, sözü gülər
Seviləndə, sevəndə!
Mənalanar təbiət
Ağuş açar səadət
Nə gözəldir məhəbbət
Seviləndə, sevəndə!
Bakı, 25.05.2005-ci il
[ [ [
SIRR SAHIBI ISTƏMƏSƏ AÇILMAZ!
Bu dünyanın dünya boyda sirri var
Sirr sahibi istəməsə, açılmaz!
Bu dünyanın çox nur saçan dürrü var
Dürr sahibi istəməsə, saçılmaz!
Bu dünyanın əzəli nə, sonu nə?
Ölçüsü nə, çəkisi nə, fonu nə?
Əndamına pərdə çəkən donu nə?
Bir sahibi istəməsə, açılmaz!
Hardan almış təbiət bu nizamı?
Kim yaratmış bu məkanı, zamanı?
Kim qurmuşdur bu tərəzi-mizanı?
Bil, sahibi istəməsə, sarsılmaz!
Mənası nə sonsuz sayda ulduzun?
Sonu varmı bu alovun, bu buzun?
Səddi harda, bu hüdudsuz «sonsuz»un?
Bil, sahibi istəməsə, aşılmaz!
Tükənməzdir ilahinin qüdrəti
Yaratmışdır bu işığı, zülməti
Cazibədən asmış gücü, qüvvəti
Bil, sahibi istəməsə, asılmaz!
Nazim Aslan, sirlə dolu bu aləm
Kimə sevinc verir, kimiyə dərd-qəm
Omür-qismət verilmişdir bir kərəm
Bil sahibi istəməsə, qaçılmaz!
Bakı, Noyabr 2005.
[ [ [
Şair dostum Zaməddin Ziyadoğlunun
«O kimdir ki…» qıfılbəndinə cavab
Zaməddin Ziyadoğlu
Şair dostum qıfılbəndi aç görüm,
Hər suala bircə kəlmə yazarsan.
Oğulsansa bu tələdən qaç görüm,
Cavabını təcili yaz bacarsan!
Ay Zaməddin, qıfılbəndin açıram,
Düz olmayan cavabları pozarsan.
Çoxcavablı suallardan qaçıram,
Özün bilən mətləblərə yozarsan!
Zaməddin Ziyadoğlu
O kimdir ki, ömrü boyu nur saçar,
O kimdir ki, fəzilətə yol açar,
O kimdir ki, ömrü boyu hey qaçar,
Bir yaşadək o kəs olar qucaqda?!
O anadır, ömrü boyu nur saçar,
O atadır, övlad üçün yol açar
O uşaqdır, yorulmadan hey qaçar,
Körpə ikən olar çox vaxt qucaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, dərisini soyublar,
O kimdir ki, gözlərini oyublar,
O kimdir ki, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda?!
Nəsimidir, dərisini soyublar,
O Alıdır, gözlərini oyublar,
Brunodur*, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, saç-saqqalı dümağdır,
O kimdir ki, adı möhtəşəm dağdır,
O kimdir ki, ölməz, əbədi sağdır,
Bizlərə pənahdır özü hər çağda?!
O Qorquddur, saç-saqqalı dümağdır,
«Babadağ»dır, adı məşhur bir dağdır,
O ALLAHDIR-əbədi bir çıraqdır,
Pənah yeri, ümid yeri hər çağda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, əllicə il yaşadı,
O kimdir ki, şair adı daşıdı,
O kimdir ki, olur əsrin yaşıdı,
Dillər əzbəridir kəndi Qazaxda?!
O Səməddir əllicə il yaşadı,
«Vurğun» kimi şair adı daşıdı,
Mart ayında olur əsrin yaşıdı,
Salahlı tək kəndi vardır Qazaxda!
Zaməddin Ziyadoğlu
Düzünü yaz, dostum səni yormadım,
Düzünü yaz sənə tələ qurmadım,
Zaməddinəm, demə halın sormadım,
Cavabı yaz, çox gözləmə uzaqda!
«Nazim Aslan» imzasında var adım,
Cavabımda çox dərinə varmadım,
Dost sınağın baltalayıb, yarmadım,
Ümidvaram, büdrəmədim sınaqda!
*) Cordano Bruno
[ [ [
AĞLASIN
Sinəmə dözülməz bir dağ çəkildi,
Yaramı sağaltmır nə fəryad, nə ah.
İllərlə tikdiyim qəfil söküldü,
Bu dərdi çəkməyə səbr ver allah.
Getdin aramızdan, çox erkən getdin
Bu ağır itkini qanan ağlasın.
Övlad itkisindən qəlbi dağlanan
Qoy atan ağlasın, anan ağlasın.
Bacılar, qardaşlar olmasın rahat
Qohumlar qoy qəmdən qursunlar büsat
Ömrünə çox erkən son qoyan həyat
Olsun əməlindən peşiman ağlasın.
Ürək necə dözsün bax bu zillətə?
Bizi yalqız qoyub getdin rəhmətə
Payına taledən düşən qismətə
Göylər də qoparsın tufan ağlasın.
Bizlərin qurumur gözünün nəmi
Ürək çəkə bilmir bu sonsuz qəmi
Sən getdin məzara, ayrılıq dəmi
Mənim tək odlanan, yanan ağlasın.
Oğlunun qüssədən əyilib başı
Qızının qurumur gözünün yaşı
Məndə dözüm yoxdur, qoy bu başdaşı
Başının üstündə hər an ağlasın.
20 sentyabr 2006-cı il
LAYİQDİR BUNA XOŞBƏXT!
Görkəmli neftçi, akademik
X.Yusifzadəyə həsr olunur
( nəğmə)
Vaxtın xoşbəxt anında,
Xəzərin qırağında,
Dünyaya gəldi Xoşbəxt
Pirşağı torpağında!
Bitirib ali məktəb,
Başladı işə Xoşbəxt!
Özünə neft işini,
Eylədi peşə Xoşbəxt!
Ömrünün gənc çağında,
Arzular sorağında,
Çalışdı gecə-gündüz
Xəzərin qucağında!
Nəqarət
Yorulmaz zəhmətiylə,
Əqliylə, qüdrətiylə,
Ucaldı zirvələrə
Xoşbəxt öz sənətiylə!
İşləyib dincəlmədən,
Dərs alıb çox alimdən,
Geoloq sənətini
Öyrəndi o dərindən.
Kəşf etdi neçə yataq,
«Azəri», «Kəpəz», «Çiraq»,
Xalqına xidmətini
Göstərdi o bu sayaq!
Nəqarət
O gözəl alim, insan,
Tələbkar , həm mehriban,
Yumorlu, hazırcavab
Sevilir o hər zaman!
Nəqarət
Xalq vermiş ona qiymət,
«İstiqlal», həm də «Şöhrət»,
Cox fəxri adları var
Akademikdir Xoşbəxt!
Layiqdir buna Xoşbəxt!
Layiqdir buna Xoşbəxt!
Bakı, 2007
[ [ [
AZƏRBAYCAN BAYRAĞIM VAR!
Əzəmətlə dalğalanan,
Zəfərlərdə yırğalanan,
Ümmanlar tək çalxalanan,
Sülh məramlı yarağım var,
Azərbaycan bayrağım var!
Göy, qırmızı, yaşıl zolaq,
Ay-ulduzu nurlu çıraq,
Çox mətləbdən verir soraq,
Zirvələrdə marağım var,
Azərbaycan bayrağım var!
Nəqarət
Yaşa, var ol, uca bayraq,
Yaşa, var ol, ana torpaq,
Qabaqdadır neçə sınaq,
Bu sınaqdan üz ağım var,
Azərbaycan bayrağım var!
Tükənməzdir səxavətim,
Məzlumlara mərhəmətim,
Dost xalqlara sədaqətim,
Düşmənlərə göz dağım var,
Azərbaycan bayrağım var!
Öz neftiylə məşhurlaşan,
Var-dövləti aşıb-daşan,
Şeir deyən, nəğmə qoşan,
Xoş çağlardan sorağım var,
Azərbaycan bayrağım var!
Nəqarət
Yaşa, var ol, uca bayraq,
Yaşa, var ol, ana torpaq,
Qabaqdadır neçə sınaq
Bu sınaqdan üz ağım var,
Azərbaycan bayrağım var!
Heydər çəkən ağ yolumuz,
İlhamlanan əl-qolumuz,
Xoş məramlı simvolumuz,
Mehriban tək çırağım var,
Azərbaycan bayrağım var!
Bakı , 2007
[ [ [
MƏNƏ YAZIQ, SƏNƏ HEYF!
Allah sənə mənlə, gülüm,
Yaşamağı artıq gördü.
Səni vaxtsız alıb ölüm,
Mənə dərddən çələng hördü.
Axı, sənin hamıdan çox,
Yaşamağa haqqın vardı.
Niyə belə qəfil getdin?
Sənsiz mənə dünya dardı!
Sən təzəcə bu dünyadan,
Zövq alırdın, «şükr» deyib.
Tez ayıldın bu röyadan,
Bu dünyada həyatımın,
Mənasıydın, səfasıydın.
Dərmanıydın ovqatımın,
Dərdlərimin şəfasıydın.
Təklik məni edib kövrək,
Qəlb sızlayır açıq, pünhan.
Ayrılığa dözmür ürək,
Üzülürəm zaman-zaman!
Ad günündür sənin bu gün,
Əlimdə gül, gözümdə yaş!
Boğazımda qəhər, düyün,
Xatirənə əyirəm baş.
Nə xatirən sönən deyil,
Tükənəndir nə qəm, kədər.
Heyhat, ölən dönən deyil,
Gəl üzülmə, barı, hədər!
Bu dünyada hər kəs qonaq,
Barış bunla, ölüm haqqdır!
Sınma Nazim, bu bir sınaq,
Övlad yükün sona çatdır!
15 yanvar 2008-ci il.
[ [ [
GILƏNAR
Yaz gələndə çiçək açar ağaclar
Alma, armud, badam, zoğal, gilənar.
Hər meyvənin lətafəti, öz dadı
Ləzzətlidir gülöyşə nar-gilə nar!
Düz ölçülü, biçimlidir təbiət
Hər yarpaqda, hər çiçəkdə var vəhdət
Bir kiçicik tumurcuqda yüz hikmət
Açılanda bənzəri var gülə nar.
Dilim-dilim nizam kəsib böləndə
Al-qırmızı gilələri görəndə
Valeh olar bu aləmə hər bəndə
Qarşısında gördüyünü gül anar.
Deyirlər:- «nar sanki dünya-cəmiyyət»
Pərdə-sərhəd, hər hissədə xalq, dövlət
Hər gilədə sən, mən, o var, biz əlbət-
İstəyirik, gülə dünya, gülə nar.
Gilələrdən zədə alsa bircəsi
Xarab olar bil ki, tamam cərgəsi
Nazim, qoru, çürüməsin giləsi
Yoxsa dönər torpağa nar, gilə nar!
22.01.2008-ci il.
[ [ [
HƏR KƏSIN ÖZ QISMƏTI
Zamanın Qıratında
Bir il də belə getdi
Hər kəsin həyatında
Bir cür iz qoyub getdi.
Kimi gəlin köçürdü
Kim oğluna toy etdi
Kimi köksün ötürdü
Kimin həyatı bitdi.
Demək bu cür yazılıb
Hər kəsin öz qisməti
Kimə qəbir qazılıb
Kimin artıb şöhrəti.
Şikayətə nə gərək
Bunu edən fələkdir
Həyatı olduğu tək
Qəbul etmək gərəkdir!
Bakı, Yanvar 2008-ci il
[ [ [
XEYIRXAHLIQ EDƏCƏM!
Çöllərinə həsrətin
Vüsal gülü əkəcəm!
Yollarına qeybətin
İnamdan sədd çəkəcəm!
Sevinc, şadlıq nurunu
Dolduracam cibimə!
Səpəcəyəm mən onu
Bədxahların qəlbinə!
Yamanlığın, pisliyin
Qıracağam qıçını!
Tez qocalan gəncliyin
Qaraldacam saçını!
Qəm-qüssənin buzunu
Əridəcəm əlimdə!
Həyatın dad-duzunu
Artıracam dilimdə!
Olmağı bu ovqatda
Öyrədəcəm hamıya!
Çalışacam həyatda
Pis adamlar qalmıya!
Sonunadək ömrümün
Xeyirxahlıq edəcəm!
Ağuşuna ölümün
Xoşbəxt kəstək gedəcəm!
Bakı, fevral 2008.
[ [ [
QOYMAZ FƏLƏK SƏNI MƏNDƏN AYIRSIN!
Yanağında baxışımın izləri
Gözlərində gözlərimin közləri
Qulağında ilk eşqimin sözləri
Qoymaz fələk səni məndən ayırsın!
Gözlərinin o mənalı baxışı
Baxışının şimşək kimi çaxışı
Məni eşqə, məhəbbətə yaxışı
Qoymaz fələk səni məndən ayırsın!
Tez-tez mənlə barışmağın, küsməyin
Bəzən gizli, bəzən aşkar süzməiyn
Əhvalımı dərhal görüb sezməyin
Qoymaz fələk səni məndən ayırsın!
Danışığın, həm ədəbin-ərkanın
Xoş rəftarın, həm səliqə-səhmanın
Nəvazişlə hər qayğıma qalmağın
Qoymaz fələk səni məndən ayırsın!
Səndə olan o etibar, sədaqət
O ləyaqət, o təravət, o ismət
Mənə olan o sevgi, o məhəbbət
Qoymaz fələk səni məndən ayırsın!
Bakı, 2006-cı il
[ [ [
VƏDƏSİNDƏ
Ölüm haqqdır, bilir hamı
Adam ölə vədəsində.
Kədər, qüssə qaçılmazdır
Gözlər dola vədəsində.
Heç olmaya yersiz kədər
Qoy getməsin ömür hədər
Yazın ömrü fəsli qədər
Güllər sola vədəsində.
Ömür bağlı ilə, aya
İnsan vaxtsız qocalmaya
Çal qaşından saya-saya
Ağ tük yola vədəsində
Ata, ana, övlad, nəvə
Qismət ola hər bir evə
Bir-birini hər kəs sevə
Dayaq ola vədəsində
Nazim, ömrü dolğun yaşa
Müdrik tək vur ömrü başa
Ölüm baxmaz quru, yaşa
Salar yola vədəsində.
Bakı, fevral 2008
[ [ [
CƏSARƏTDƏN DANIŞMA!
Yurd həsrəti olur ikən
Qubardan göz dolur ikən
«Xarıbülbül» solur ikən
Səadətdən danışma!
Əldə deyil Qarabağım
Onla bağlı ahım, ağım
Əzilməmiş düşmən, yağım
Dəyanətdən danışma!
Düçar olub xalqım dərdə
Qəlb sızlayır pərdə-pərdə
Vətən ikən yad əllərdə
Cəsarətdən danışma!
Hey artsa da varım-pulum
Güclənsə də hərbim, ordum
Yad əldəsə ana yurdum
Var-dövlətdən danışma!
Qalx ayağa Azərbaycan!
Başlansın cəng, tökülsün qan!
Məhv olmasa naqis düşman
Şərafətdən danışma!
Bakı, dekabr, 2007
[ [ [
DÜNYA SƏNƏ, DÜNYA MƏNƏ PAY DEYIL!
Bu dünyada çox da dərddən danışma
Dərdlər var ki, dərdin ona tay deyil!
Bu dünyanın gəl işinə qarışma
Dünya sənə, dünya mənə pay deyil!
Səni dərdə, əzablara salınca
Asıb kəsmə bu dünyanın dalınca
Şükürlər et, bu həyatda qalınca
Ömür qısa, sonu bitməz çay deyil!
Cəzası tək, rəhmi də var allahın
Hər nə vaxtsa, sevinci var hər «ah»ın
Aqibəti bilinməyir «sabahın»
Hər baharın sonu hökmən yay deyil!
Çox sınağa çəkir həyat insanı
Yara vurur, həm sağaldır yaranı
Vaxtı gəldi- özü seçir qurbanı
Hər xəstənin sonu ölüm, vay deyil!
Nazim Aslan, ömür gəldi- gedərdi
Başa vursan onu naşı, - hədərdi
Bu dünyadan baş açdınsa nə dərdin
Yaşadığın ömür demək zay deyil!
Bakı, fevral 2008.
[ [ [
ŞƏHIDLIK ZIRVƏSI YERIMDIR MƏNIM!
Azərbaycanın müstəqilliyi uğrunda
şəhid olanlara ithaf olunur.
Aglama, ay ana, mən ölən yaşda
Bu fani dünyadan köçən çox olub.
Kimi zəlzələdən, kimi soyuqdan
Kimi xəstəlikdən mənasız ölüb.
Mənsə qazanmışam şəhidlik adı
Şəhidlik zirvəsi yerimdir mənim.
Başını uca tut, yerim ucadı
Mənə qiymət verib elim, vətənim!
Ölməzlik adını qazanmışam mən
Vətənim azaddır, rahatam mən də!
Yenə də, lazımsa çağırsa vətən
Tərəddüd etmədən girərəm cəngə!
Şəhid tək ölənin yeridir cənnət
Cənnətdə layiqsiz adamlar yatmır.
Hər bir şey olsa da, burada, fəqət
Təkcə sənin laylan, ay ana, çatmır!
Oğlun qəhrəmandır, bununla fəxr et,
Qoy mənim yoxluğum sıxmasın səni.
Darıxsan hərdənbir qəbrim üstə get
Kövrək laylaların oxşasın məni!
Bakı, 20 yanvar, 2008.